Hacıyev Adil
Omarış oğlu
24.10.1970 – 10.01.1994
Hacıyev Adil Omarış oğlu 24 oktyabr 1970-ci ildə Buzovna qəsəbəsində neftçi-fəhlə ailəsində anadan olmuşdu. 1978-ci ildə Adilgilin ailəsi Mərdəkanda yenicə tikilib istifadəyə verilmiş beşmərtəbəli binada təzə mənzilə köçmüşdü. 1978-ci ildə o, Mərdəkandakı 181 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. Adil 8-ci sinfi bitirib, Qala kəndindəki 53 №-li orta Texniki peşə məktəbinə daxil olub, çilingər peşəsinə yiyələnməyə başladı. 1987-ci ildə bu məktəbi başa vurur, Əzizbəyov rayon rabitə qovşağında öz peşəsi üzrə işə düzəlir. 1988-ci il dekabrın 1-də həqiqi hərbi xidmətə çağırılır. 1990-cı ildə ordudan tərxis olunur, Vətənə dönür və əmək fəaliyyətinə başlayır. 1992-ci ildə Qarabağda Vətənimizin istiqlaliyyəti və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlər gedirdi. Adil Əzizbəyov rayon Hərbi Komissarlığına ərizə ilə müraciət edərək, 25 iyun 1992-ci ildə könüllü olaraq cəbhəyə gedir. 814-cü özünümüdafiə taborunun tərkibində Füzuli rayonunun Aşağı Veysəlli, Yuxarı Veysəlli və digər kəndləri uğrundakı döyüşlərdə fəal iştirak etmişdir. 14 sentyabr 1992-ci ildə onu N saylı hərbi hissənin sərəncamına göndərirlər. 10 yanvar 1994-cü ildə qızğın döyüşlərin birində Adil düşmən snayperi tərəfindən sinəsindən ağır yaralanır və şəhid olur.