Quliyev Cəbi
Sübhan oğlu
1963 – 1994
Quliyev Cəbi Sübhan oğlu 1963-cü ildə Masallı rayonunda anadan olmuşdur. O, doqquz uşaqlı ailənin üçüncü övladı idi. Orta məktəbi bitirdikdən sonra tale onu Bakının Mərdəkan qəsəbəsinə gətirmişdir. Cəbi Əzizbəyov Neft və Qazçıxarma İdarəsiindiki Xəzər rayon NQÇİ-də fəhləliyə işə düzəlmişdir.Neft və Qazçıxarma İdarəsində o hamının sevimlisinə çevrilmişdir. Nankor qonşularımizın başladıqları qanlı oyunlara başqaları kimi Cəbi də laqeyd qala bilmədi. 1992-ci ilin Əzizbəyov rayonunun - indiki Xəzər rayonunun könüllülər taborunun tərkibində Ağdam rayonunun azadlığı uğrunda döyüşlərə qatıldı. Təsadüf elə gətirmişdi ki, böyük qardaşı Abdulkərim Cəbinin döyüş yoldaşı olmuşdur. Onlar düşmənin onlarca canlı qüvvəsini və döyüş texnikasını məhv etmişdilər. Lakin gözlənilmədən onların Ağdamın Güllücə kəndindəki taboru bir gecə düşmən mühasirəsinə düşdü. Tabor vuruşa-vuruşa düşmən mühasirəsini yarıb keçərkən snayper gülləsi Cəbini ölümcül yaralayır döyüş meydanından çıxa bilmir. Bu hadisə 20 aprel 1994-cü ildə baş verir. Düşmən mühasirəsini yarıb keçərkən taborda məlum olur ki, bir neçə nəfər, o cümlədən Cəbi yoldaşlarının sırasında yoxdur. Bir müddət onların yaşayıb-yaşamamağı barəsində xəbər olmur. Taborda onların adı itkin düşənlərin siyahısına yazılır. Bir neçə müddət sonra Cəbinin böyük qardaşı Abdulkərimin ciddi cəhdindən sonra məlum olur ki, Cəbi həmin gecədə aldığı güllə yarasından dünyasını dəyişib. Cəsədin ermənilərdən alınmasına çalışırlar. Təkcə Cəbinin cəsədi üçün on erməni meyiti və külli miqdarda pul tələb olunur. Yalnız bundan sonra 02 iyun 1994-cü il tarixdə Cəbinin cəsədini əldə etmək olur. Meyit tanınmaz hala düşmüşdür. Onu yalnız sol qolunda nə vaxtsa iynə ilə döydürdüyü anasının adı ilə tanıya bilirlər. Cəbi böyüyüb boya-başa çatdığı Masallıda dəfn edilir.