top of page

Rəhmanzadə Maral
Yusif qızı
23.07.1916 – 16.03.2008

Bakı şəhərində anadan olub

Foto

Həyat hekayəsi

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində doğulub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq İnstitutunda oxuyub, 1934-1940-cı illərdə isə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Həyatının gənclik illərində acılar yaşayan Maral xanım çox çətinliklər görüb, bu mənada böyük bir məktəb keçib. Belə ki, atası otuzuncu illər repressiyasına məruz qalır, onu xalq düşməni kimi ləkələyir, Daşkənd həbsxanasına göndərirlər. Çox keçmir ki, o, elə həbsxanada dünyasını dəyişir. İnstitutu bitirdikdən sonra Maral Rəhmanzadə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işləsə də, atasının həbsindən sonra Bakıya qayıdır. Moskvada cəmi 6 ay işləməsinə baxmayaraq, sənətdə müəyyən təcrübə qazanır. Bakıda fəaliyyətə başlayan rəssamın əsərləri “Maral Rəhmanzdə” imzası ilə incəsənət aləmində tanınır, fırçasının ecazı mütəxəssislər, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycan qadınının obrazı. Keçmiş dövrlərdən başlamış, həyat - məişətdəki qadağalar, cəhalətdə boğulan, savadsızlıq içində məhv olan və yeni həyatın inkişafı proseslərində yetişən, cəmiyyətin, ailənin əsas sütunlarından olan qadınların portreti Maral Rəhmanzadənin əsərlərində silsilə obrazlar qalereyası kimi yaradılmışdır. Bakıda fəaliyyətinin ilk çağlarından da Maral xanımın əsərləri əsasən “Azərbaycan qadını” jurnalında dərc olunur, görkəmli sənətkarlar haqqında öz sözlərini deyirdilər. Formaca, avtobioqrafik rəsmlərinin hamısı sanki bir-birini məzmunca tamamlayır. Rəssamın “Mənim bacılarım”, “Bizim qızlar” əsərlərində Azərbaycanın qoçaq, qüdrətli, mərd, ağıllı qadınlarının, analarının obrazı aşkar görünür. Onun rəsmlərində diqqətçəkən cəhətlərdən biri də rəssamın mövzularında, əsasən də vətənin, xalqımızın həyatı, məişəti keçmişdən üzü gələcəyə doğru uzanan yollarda inkişafını yeni müşahidə, duyum və baxışları ilə işləməsidir. Bunların sırasında mənim də tanış olduğum “Doğma Vətənim”, “Azərbaycan” tabloları dediklərimizin əyani sübutudur. Qeyd edək ki, yaradıcılığının təzəcə çiçəkləndiyi illərdə onun ərsəyə gətirdiyi “Azərbaycan qadını keçmişdə və indi” (1940), “Qadınlar müharibə illərində” (1942) əsərlərində adlarından da göründüyü kimi, Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim, Azərbaycan” (1965-1975) portretləri heç şübhəsiz, müəllifin bütöv bir dövrün tarixi mənzərəsinin salnaməsini yaratmaq istəyindən doğmuşdur.
Ümumiyyətlə, Maral Rəhmanzadə özünün sənət incilərində vətəni Azərbaycanı böyük məhəbbətlə vəsf etməklə bir növ gələcək nəslə yurdunu, dədə-baba torpaqlarını sevməyi ərməğan etmişdir.
Maral Rəhmanzadə kitab qrafikası sahəsində də xeyli əsərlər yaratmış, ölkə nəşriyyatlarının sifarişi ilə bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Belə ki, rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə çəkdiyi illüstrasiyaların da müəllifidir. O, müxtəlif illərdə bir sıra xarici ölkələrdə də olmuş, həmin ölkələrin həyatından silsilə qravürlər (Çexoslovakiyada, 1959-1960) yaratmışdır.
Maral Rəhmanzadənin əsərlərinin taleyinə gəlincə, burada da məlum faktları xatırlamağı vacib sanırıq. Rəssamın əsərləri xarici ölkələrin incəsənət sərgilərində - İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya və Livanda nümayiş olunub.
Bundan başqa, dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964), İranda (1991) fərdi sərgisi açılmışdır. Əsərləri Tretyakov qalereyası (Moskva), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
Maral Rəhmanzadə sənəti çoxşaxəli, çoxcəhətli bir yaradıcılıq kimi diqqəti çəkir. O, rəssamlıq sənətinin demək olar ki, mümkün olan bütün qollarında, önəmli sahələrində ölməz əsərlər yaradıb. Böyük rəssamın Vətən qarşısında xidmətləri, Azərbaycan incəsənətini, mədəniyyətini zənginləşdirən sənətkarlıq nailiyyətləri dövlət səviyyəsində də layiqli qiymətini alıb. Maral Rəhmanzadə 1964-cü ildə Azərbaycanın Xalq rəssamı adına layiq görülüb. Milli təsviri sənətin inkişafındakı böyük nailiyyətlərinə görə “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin bir sıra medallarla, eləcə də milli müstəqillik illərində, 1996-cı ildə Prezident Fərmanı ilə müstəqil respublikamızın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub.
M.Rəhmanzadənin əsərləri təsviri sənətimizin inkişafında müstəsna rol oynamaqla yanaşı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rola malikdir. Bu mənada onun əsərləri maarifçilik baxımından da böyük əhəmiyyət kəsb edir.
Maral Rəhmanzadə 2008-ci il martın 16-da vəfat etmişdir.. Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur.

bottom of page