123 №-li Məktəb
Hacı Zeynalabdin Tağıyev adına tam orta məktəb
Azərbaycan tarixinə H.Z.Tağıyev sahibkarlığın görkəmli nümayəndəsi, xeyriyyəçi, maarifpərvər və ictimai xadim kimi daxil olmuşdur. Hacının xeyriyyəçilik tədbirləri xalqın yaddaşına əbədi həkk olunmuşdur. Xalqının savadlanmasını, maariflənməsini hər şeydən üstün tutan Hacı 1894 – cü ildə Mərdəkanda kənd təsərrüfatı və bağçılıq məktəbi tikdirmək qərarına gəlir. Bunu məktəbin giriş qapısı üzərindəki daş kitabədə yazılmış sözlər təsdiq edir.
Hacı Zeynalabdin Tağıyev imperator II Aleksandra məktub yazaraq azərbaycan dilində oğlanlar üçün məktəb açmaq istəyini bildirmiş və ona icazə verilmişdir. Məktəbin inşasına 31.440 manat vəsait qoyulmuşdur. Bundan başqa ildə 5 min manat məktəbin xərclərini də Hacı özü ödəyirdi. 1894 – cü il sentyabrın 27-də fəaliyyətə başlayan məktəbdə Mərdəkanda və ətraf kəndlərdən olan 50 nəfər kasıb balaları, oğlanlar təhsil alırdılar. Əvvəlcə məktəbdə iki sinifdə təhsil alan şagirdlərə həm savad, həm də bağçılıq sənətinin müxtəlif sirlərini öyrədirdilər.
1918- ci ildə erməni işğalçılarının Bakıda və onun ətraf kəndlərində törətdikləri vəhşiliklər zamanı məktəb azərbaycanlı döyüşçülərin qərargahına çevrilir.
1920 – ci ildə Azərbaycan Sovet höküməti qurulduqdan sonra 1941 – ci ilə kimi məktəb dörd illik ibtidai məktəb kimi fəaliyyət göstərmişdir.
1941–1945–ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir.
İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilmiş, 1978 – ci ildən etibarən onillik orta məktəb kimi fəaliyyətə başlamışdır.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 86 yaşında vəfat etmiş və sentyabrın 4-də Mərdəkanda yerləşən “Pir Hәsәn” Türbәsinin 10-15 metrliyindә dәfn olunmuşdur.
Hazırda məktəb onbirillik tam orta məktəb kimi fəaliyyət göstərir.
Məhşur yazıçı Qılman İlkin, akademik Fuad və Feyzulla Qasımzadələr, Akademik Hacıbəy Soltanov, Elmlər doktoru Ağadadaş Babayev, Texnika elmlər doktoru Mərdan Cəlilov, Azərbaycanın bir sıra digər görkəmli elm, incəsənət və mədəniyyət xadimləri bu məktəbin yetirmələri olmuşlar.
12 may 2011 – ci il tarixdə hörmətli prezidentimiz İlham Əliyev cənabları məktəb həyətində Mərdəkan zəhmetkeşləri ilə görüşündə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin əsaslı təmir edilməsi üçün göstəriş verdi. 09.09.2011–ci il tarixdə məktəb binasının açılışında cənab prezident İlham Əliyev özü iştirak etdi.
130 yaşı tamam olan məktəbdə hal hazırda şagirdlərin təlim – tərbiyəsi ilə müasir tələblər baxımından kollektiv var gücü ilə çalışır.