İsgəndərov Şahin
Əliqulu oğlu
11.08.1970 – 13.10.1992
İsgəndərov Şahin Əliqulu oğlu 11 avqust 1970-ci ildə Mərdəkan qəsəbəsində anadan olmuşdur. Mərdəkandakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə oxuduğu illərdə Şahin həm də idmanın “sərbəst güləş” növü ilə məşğul olub. Məktəbdə də, yaşadığı məhəllədə də zarafatla ona “Mazandaran pələngi” deyirdilər.
Şahin 123 saylı tam orta məktəbin 7-ci sinifini başa vurub, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olur. Oranı 1988-ci ildə bitirir. Xarkovda Ali Hərbi
Tank Qvardiyası Məktəbinə daxil olur. Şahin Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə tankçı zabit kimi başa vurur.Təyinatla Yekaternislava şəhərinə xidmətə göndərilir. Bu vaxt artıq Azərbaycanda erməni qəsbkarları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda qanlı döyüşlər gedirdi. 1992-ci ildə Şahin qısamüddətli məzuniyyət götürüb Bakıya gəlir. Respublika Müdafiə Nazirliyinə xidmət yerinin Azərbaycana dəyişdirilməsi xahişi ilə yazılı müraciət edir. 1992-ci ilin aprelində Bakıya qayıdır. Elə həmin ay Qarabağa cəbhə bölgəsinə göndərilir.
Şahin bir peşəkar tankçı kimi döyüşlərə qatılır. Ağdamın Şelli, Gülablı, Uzundərə kəndləri uğrunda döyüşlərdə igidliklər göstərir. Şahinin komandiri olduğu tankın üstündə “Mazandaran pələngi” sözləri yazılmışdı. Şahin İsgəndərovun tərkibində vuruşduğu hərbi hissəsi Qubadlı istiqamətində gedən döyüşlərə cəlb olunur. 1992-ci ilin oktyabrın 13-də Qubadlının Muradxanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla şəhid olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Şahinin adının əbədiləşdirilməsi üçün böyüdüyü məhəllədəki küçə onun adı ilə adlandırılıb.