top of page

Paşayeva Qənirə
Ələsgər qızı
24.03.1975 – 28.09.2023

Paşayeva Qənirə 
Ələsgər qızı
24.03.1975 – 28.09.2023
Foto

1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır. Rus və ingilis dillərini bilirdi.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri olmuşdur.
1998-ci ildən «ANS» televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş, 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü,
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülməsinə baxmayaraq təəssüfki, 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

bottom of page