top of page

Sadıqov Səbuhi
Rövşən oğlu
09.05.1996 – 05.11.2020

Foto

Həyat hekayəsi

Səbuhi Sadıqov 9 may 1996-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan (Ələsgərli kəndindən) olan Sadıqov Səbuhinin ailəsi 1993-cü ildə Füzuli rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra məcburi köçkün kimi öncə Biləsuvar rayonuna pənah gətirmiş, sonra isə Bakı şəhərinə köçmüşdü. Bu səbəbdən Səbuhi Biləsuvarda dünyaya gəlmişdi. O, Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olmuş, 8–9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak etmişdir. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olmuşdur. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax döyüş növləri federasiyasının üzvü idi.
O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəltmişdir.
2011-ci ildə Bakı şəhəri N.Nərimanov rayonundakı 73 saylı tam orta məktəbin IX sinfini bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6ay xidmət etmişdir. 2015–2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olmuşdur. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparmış və qara kəmər qazanmışdır. Bununla yanaşı şəxsi "Comando Fight Klub" unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirmişdir.
Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 tələbəsi dünya çempionu olmuş, digər 3 tələbəsi isə fərqli dərəcələrlə III yeri qazanmışlar.
28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində könüllü olaraq yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıqov "dua et ana mən arzuma çatım" sözlərini demişdir. Xüsusi Təyinatlı Qüvvələrin (bundan sonra XTQ) tərkibində kəşfiyyatçı kimi fəaliyyət göstərərək Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı uğrunda döyüşmüşdür. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Noyabrın 5 – də Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanliginda dəfn olunmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərini əks etdirən, orden və medallarla ölümündən sonra təltif edilmişdir.( "3-cü dərəcəli vətənə xidmətə görə" ordeni , “Vətən Uğrunda” medalı, “Cəbrayilın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı,”Cesur Döyüscü” medaalları).
Ailənin yeqanə oğul övladı Səbuhi Sadıqov nişanlı idi.
Valideynləri ilə sagollaşarkən “Dua et ana, mən arzuma çatım” sözlərini söyləyən Səbuhinin ən böyük arzusu doğma Qarabağımızı mənfur düşməndən azad etmək və bu yolda şəhidlik zirvəsinə yüksəlmək idi. Onun düşüncələrində, onun qəlbində heç vaxt görmədiyi torpaqların: ata ocağı Ələsgərli kəndi, anasından duyduğu barlı-bağatlı, sirin sulu kəhrizləri ilə məşhur olan ana yurdu Horadiz kəndinin timsalında bütün Qarabağ yanğısı, həsrəti vardı.

Şəhid anası Yeganə Əliyevanın dediklərindən:

“Səbuhi hələ lap kiçik yaşlarından çox qayğıkeş idi. Atasının nənəsi vardı, yaşlı adam idi, görürdük ki, Səbuhi onun əlinə çubuq verir və deyirdi ki, “nənə bunu əlinə al, qarda yıxılmayasan, xəstələnməyəsən”. Mənim babamı çox istəyirdi. Kalbalı babamın yaşı çox idi və ömrünün son illərində yataq xəstəsi oldu. Onun yanına tez-tez gedər, ona qulluq etməkdən yorulmazdı. Çox düşüncəli idi, uşaqlıqdan təkrar etdiyi bir cümləsi vardı Səbuhinin, deyirdi ki, övlad valideynin başını uca edir, mən də həmişə sizin başınızı uca edəcəyəm!
Kiçik yaşlarında çox ciddi uşaq idi, böyüdükcə daha gülərüz oldu. Səbuhi həqiqətən başqa cür oğul idi... Orta məktəbdə oxuyanda bir dəfə bərk qızdırmışdı, sabaha qədər keşiyini çəkdim. Səhər oyananda çox narahat oldu, dedi ki, “ay ana sən sabaha kimi yatmamısan, qızdırmam vardı keçib gedəcəkdi, sən niyə oyaq qalmısan, sən xəstələnmə ana!” Valideynlərinin zərrə qədər də əziyyət çəkməsini istəmirdi. Hərbi xidmətini Naxçıvanda keçirmişdi, o zaman yanına getməyimizə belə razı olmurdu.
Onun hər anı, ataya, anaya, bacısına, qonşulara qarşı mehribançılığı, qayğıkeşliyi hamı tərəfindən danışılır. Bir dəfə qonşumuzun evində yanğın baş vermişdi, heç nədən qorxmayan Səbuhi pəncərədən içəri atlanaraq yanğını söndürə bildi. Digər qonşumuzda elektrik qısaqapanmasından yanğın başlamışdı onun da vaxtında, genişlənmədən qarşısını ala bildi.
Səbuhinin şəxsi idman klubu vardı, həm də müəyyən bir şirkətdə sürücü işləyirdi. Müharibə başlayan gün maşınından Azərbaycan bayrağını asdı və cəbhəyə getmək üçün könüllü müraciət etdi. Axşam işdən gəlib sevinə-sevinə dedi ki, məni də çağırdılar gedirəm cəbhəyə. Mənim torpağımı özüm qorumalıyam!
Hələ uşaqlıqdan I Qarabağ müharibəsi, o zamankı hadisələr, Xocalı soyqırımı ilə bağlı filmlərə çox baxardı Səbuhi. Təkrar-təkrar baxırdı və deyirdi ki, bunlar bizim qanlı tariximizdir. 2016-cı ilin aprel döyüşlərindən sonra, inanın, çox narahat idi, yerə-göyə sığmırdı, ağzına çörəyi bizim xatirimizə görə güclə aparırdı, baş verənlər onu çox incidirdi.
2020-ci ilin yayında bütün fikri “Lələ təpə”də olan dostlarının yanında idi. Deyirdi ki, yayın istisində onlar orada əziyyət çəkirlər. Bibisi rayonda yaşayırdı, onlara gedib oradan həmin əsgərlərə yemək bişirtdirib, digər ərzaq ehtiyaclarını - su, siqaret və s. aparıb onların postlarına çatdırmışdı. Ancaq avqust ayında Bakıya qayıtdı, cəmi bir ay evdə qaldı, sonra isə yenidən cəbhəyə yollandı. Hamımız dedik ki, getmə bala evin tək oğlusan, nişanlısan, bu gün-sabah toyun olacaq. Dedi ki, Vətən dardadır, getməliyəm!
Səbuhi nişanlı idi, 2020-ci il aprel ayında toyları olmalı idi, amma pandemiya şəraitinə görə qaldı. Döyüşə gedəndə qulağıma pıçıldadı ki, “Ana, nişanlıma deyərsən haqqımı ona halal edirəm, getsin ailə qursun, xoşbəxt olsun”.
Qocalara, yaşlılara qarşı çox qayğıkeş idi. Gecə saat 12-də də, 1-ə işləmiş olsa da işdən qayıdanda otağa keçib nənəsi Nəcibəni öpərdi, həmişə də başından öpərdi, deyirdi ki, səndən nə xoş qoxu gəlir ay nənə. Cəbhəyə yola düşəndə dedi ki, heç kimə bildirməyin, qoy gecə rahat yatsınlar. Sabah eşidəndə hamı narahat oldu, çox sevimli idi, hamı onu çox istəyirdi. Vətənini çox sevirdi, başqa ölkələrdən çox təklif gəldi amma dedi ki, mən necə oğulam ki, Vətəni, ailəmi qoyub gedim, bacısını çox sevirdi. Cəbhədən zəng vuranda həmişə bacım əmanəti deyirdi, Aliyəni heç vaxt tək qoymayın.
Şəhidlik zirvəsinə yüksələcəyini əvvəlcədən bilirdi... Səbuhinin sağ qalan cəbhə yoldaşlarının məlumatına əsaslanan şəhid atası Rövşən Sadıqovun dediklərindən: “Axırıncı dəfə, 4 noyabr 2020-ci il tarixində qanlı döyüşlər getdiyi Laçının Suarası kəndində onunla bir yerdə döyüşdə olanlar var. Amma bütün yoldaşları həlak olduğu üçün son döyüşü haqqında heç bir ətraflı məlumat əldə edə bilmədik. Cəbhə yoldaşlarından biri özünün sosial şəbəkəsində Səbuhi haqqında belə paylaşım edib: “Ciyərli oğlan idi, qorxmaz idi. Üzərində olanlar azalmışdı deyə, məndən əlavə güllə istədi. Mən onunla bölüşdüm güllələrimi. Mənə dedi ki, “Şuşada görüşərik İnşəAllah!”. Sonra mən yaralanaraq aşağıda qaldım, onlar isə Laçına qalxdılar. Özümə gələndə eşitdim ki, Səbuhigil düşmən pusqusuna düşərək 6 nəfər hamısı bir yerdə şəhid olublar”.

bottom of page