Həyat hekayəsi
Həsən Bayramov 17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində anadan olmuşdur. 2000-2009-cu illərdə Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 2009 - 2011-ci illərdə Gəncə Humanitar Kollecində (indiki Gəncə Dövlət Regional Kolleci) təhsil almışdır. 2011-ci ildə kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir. Hərbi xidmət qulluqçusu olduqdan sonra bir müddət Gəncə Regional Reklam İdarəsində dizayner kimi çalışmışdır. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Həsən Bayramov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Həsən Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həsən Bayramov 5 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 27 noyabr 2020-ci ildə nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Həsən Bayramov ölümündən sonra "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medaları ilə təltif edilmişdi.