top of page

Mustafayev Şaiq
Nicat oğlu
07.12.1960 - 22.07.1992

Foto

Həyat hekayəsi

Mustafayev Şaiq Nicat oğlu 1960-ci ilin dekabr ayının 7-də dünyaya göz açmışdır. İlk orta təhsilini Mingəçevir şəhəri 10 nömrəli məktəbdə almış, məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Xalq Təsərrüfatı İnstitunun Muhasibat uçotu fakultəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra əsgərliyə getmiş, az müddət Bakıda işlədikdən sonra Rusiyaya getmişdir.
1985-ci ilin aprelində Çernobl faciəsi zamanı oraya könüllü olaraq getmişdir və orada iştirak etmişdir. 2 il Rusiyada Novqorodda işlədikdən sonra Mingəçevirə qayıtmış, Şüşə emalı zavodunda baş mühasib, daha sonra isə yeni açılan Türizm və Səyahətlər bürosuna işə dəvət olunub və yenidən baş mühasib kimi fəaliyyətini orda davam etdirmişdir.
Bu illər ərzində daim idmanla məşğul olmuş, Mingəçevirdə ilk “ Gənclər Cəmiyyətini “,
“ Alpinistlər qrupunu “ yaratmışdır.
1989-cu ilin fevral ayının 19-da Arzu xanımla ailə həyatı qurmuşdur.
Müharibə başlayan kimi dərhal Mingəçevir hərbi komissarlığına ehtiyatda olan zabit kimi müraciət etmişdir. Daha sonra bir neçə təlimlərə qoşulmuş, ali təhsilli olduğu üçün baş-leytenant rütbəsini almışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq döyüş zonasına yollanmadığından, özünün şəxsi təşəbbüsü ilə Mingəçevirdən təqribən 30 nəfərdən ibarət bir dəstə yaradaraq, Xocalı faciəsindən dərhal sonra 1992-ci ilin fevralında könüllü olaraq komandanlıq etdiyi dəstə ilə cəbhəyə yola düşmüşlər. Bu könüllü dəstənin şücaət, qəhrəmanlıqları, qorxmazlıqları onların fəaliyyətinin daha da genişlənməsinə səbəb olmuş və beləliklə Mingəçevir şəhərinin M-2 batolyonu yaranmışdır.
Şəhidimiz Şaiq Mustafayev Laçin koridorundan başlayaraq uzun döyüş yolu keçmişdir. Daha sonra Şuşanın mühafizəsində iştirak etmiş, Şuşada dağ yüksəklikləri çox olduğundan, alpinist olduğundan mütəmadi olaraq daim döyüşlərə də qatılmış və qəhrəmanlıqlar göstərmişdir. Şuşa alınandan sonra Füzuli, Ağdərə döyüşlərində iştirak etmiş, döyüş yoldaşlarının dediyinə görə səngərdə onurğa sütunundan ciddi xəsarət almışdır. Ciddi xəsarətinin və çox ağrılarının olmasına baxmayaraq yenidən cəbhəyə yollanmışdır. Buna səbəb xəbər gəlir ki, Ağdərə rayonunun Kasaped kəndinə indiki Umudlu kəndi mühasirəyə alınıb, qadınlar, uşaqlar və yaşlılar orda qalıb. Beləliklə öz dəstəsilə birgə yenidən cəbhəyə yollanıb, böyük qəhrəmanlıqla kəndi və əhalisini mühasirədən çıxarmış, özü isə snayper gülləsinə tuş gələrək qəhrəmancasına 22.07.1992-ci ildə şəhid olmuşdur. Şəhidin cənazəsi böyük izdihamla Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

bottom of page