Həyat hekayəsi
Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. 1-ci Qarabağ müharibəsindən sonra, öz doğma torpaqlarından didərgin düşmüş və məcburi köçkün kimi Bakıda məskunlaşmışdılar.
1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdu. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil almışdı. Nurlan hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənirdi. Nurlan Həsənov 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncədə “N” saylı hərbi hissədə xidmət çəkib və 2014-cü ildə ehtiyyatda olan zabit kimi təxris olunub. Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib.
Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan: “Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm”- deyirdi.
Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına şəhid olub.
Oktyabrın 2-də Bakı şəhərində, yaşadığı Biləcəri qəbristanlığında torpağa tapşırılıb.
Nurlanın Nurgül adlı qızı və Məhəmməd adlı oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həsənov Nurlan Nadir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvərlik insanda fədakarlıq, mərdlik və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik həm də doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, qeyrət simvoludur. Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Ömrünü Vətən yolunda qurban verən Nurlan qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.
Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq.
Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!