top of page

Əhmədov Əli
İlqar oğlu
05.01.1993 - 27.09.2020

Foto

Həyat hekayəsi

Əhmədov Əli İlqar oğlu 1993-cü il 5 yanvar tarixində dünyaya göz açıb. O, 2000-2011-ci illərdə Mingəçevir şəhərində 11 nömrəli məktəbdə təhsil alıb. Kiçik yaşda atası Əhmədov İlqarı avtomobil qəzasında itirmişdir. Anası Əhmədova Sevinc onları (qardaşı şəhid Əhmədov İslamı da) tək başına böyütmüşdür. 2011-2015-ci illərdə Azərbaycan Əmək və Sosial Münsibətlər Akademiyasının maliyyə fakültəsində təhsil almışdır. 2015-2016-cı illərdə Azərbaycan ordusunun sülhməramlı kontingentinin tərkibində Əfqanıstanda xidmət etmişdir. “Əfqanıstan sülhməramlı missiyasına görə” medalı ilə təltif olunmuşdur. 2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi işə qəbul olunmuş və öz istəyi ilə sərhəd bölgəsində xidmətini davam etdirmişdir. O, kiçik çavuş rütbəsində çalışmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda başlanılan, 44 gün davam edən və şanlı qələbə ilə bitən Vətən müharibəsində iştirak etmişdir. Əli Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Döyüş yoldaşının dediklərinə görə o, bir neçə dəfə ağır yaralanmağına baxmayaraq, hərbi hospitala aparılmağına etiraz edərək və döyüşə davam etmişdir.
Şəhid olması ilə bağlı ilk xəbər 27 sentyabr 2020-ci il tarixində anasına verilmişdir.
Əhmədov Əli İlqar oğlu 28 sentyabr 2020-ci il tarixində Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Əli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunması uğrunda” medalı ilə təltif olunmuşdr.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa oyunlarında Mərasim iştirakçısı olaraq möhtəşəm töhfəsinə görə “Təşəkkür Sertifikatı”, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 2014-2015-ci illərdə mərkəzdə könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə xüsusi fəaliyyət göstərdiyi üçün “2-ci dərəcəli şəhadətnamə” ilə təltif olunmuşdur.
Şəhid qardaşların əziz xatirəsinin əbədiləşməsi üçün Mingəçevir şəhəri Günəşli qəsəbəsində yaşadıqları küçəyə “Əli və İslam qardaşları” küçəsi adı verilmişdir.

bottom of page