top of page

Əhmədov İslam
İlqar oğlu
19.09.1994 - 27.09.2020

Foto

Həyat hekayəsi

Əhmədov İslam İlqar oğlu 1994-cü il 19 sentyabrda Mingəçevir şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanıb. Xidməti Bakının Sumqayıt şəhərində başa vurub. Hərbi xidmətdə olarkən “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” medalı ilə təltif olunub. İslamın marağı ən çox idmana olub. O, avarçəkmə, kikboks idman növü ilə məşğul olub. Onlar ailədə 4 nəfər olmuşlar. Kiçik yaşda atası Əhmədov İlqarı avtomobil qəzasında itirmişdir. Anası Əhmədova Sevinc onları (qardaşı şəhid Əhmədov Əlini də) tək başına böyütmüşdür. İslam uşaq vaxtlarından həyatın çətinliklərini üzərinə götürüb. İslam 2014-cü ildə Yevlax rayon Aran qəsəbəsində müddətdən artıq hərbi qulluqçu kimi işə qəbul olub. O, yoldaşları arasında mehriban xasiyyəti, ürəyi açıqlığıyla seçilirdi. İşlədiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” medalı ilə təltif olunub. O, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında” sertifikatı ilə təltif olunmuşdur.
İslam Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda başlanılan, 44 gün davam edən və şanlı qələbə ilə bitən Vətən müharibəsində iştirak etmişdir. 26 sentyabr gecə Əli və İslam döyüşə başlamazdan əvvəl cəbhədə görüşüb və ayrı-ayrı istiqamətlərdə döyüşə başlayıblar. 27 sentyabr səhər saatlarında Suqovuşan uğrunda gedən döyüşdə İslamın döyüş tankı düşmən tərəfindən vurulur və o, qəhrəmancasına şəhid olur. Ancaq onun şəhid olma xəbərini qardası şəhid Əhmədov Əlini dəfn edib gəldikdən sonra bildik. Hər iki qardaşın həyat yolu bir başlamasa da, onlar bir sinifdə oxudular, eyni işdə işlədilər və eyni gündə şəhidlik zirvəsinə ucaldılar.
İslam ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Prezidentin digər 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Şəhid qardaşların əziz xatirəsinin əbədiləşməsi üçün Mingəçevir şəhəri Günəşli qəsəbəsində yaşadıqları küçəyə “Əli və İslam qardaşları” küçəsi adı verilmişdir.

bottom of page