Həyat hekayəsi
Şəhid Ramil Rəhimov xariqələr yaradan qəhrəmanlarımızdandır.
Bəli, “Vətən müqəddəsdir, vətən əzizdir” deyib onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, bu yolda canından keçməyə hazır olan, atdığı addımları ilə ömür yollarında bənzəri olmayan qəhrəmanlıqlar göstərən, tarixdə xariqələr yaradıb silinməz izlər buraxan vətən övladlarının adları heç zaman unudulmur, heç zaman yaddaşlardan çıxmır. Taleyinə çoxları kimi xalqına bağlılıq duyğusu, hər kəsə rəğbət hissi ilə yanaşmaq, Vətəni sevmək, onun hər qarış torpağına bağlı olmaq istəyi yazılan şəhid Rəhimov Ramil Sücəddin oğlunun ömür yolları haqda söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu Qəhrəmanımız da, məhz canını, qanını doğma torpaqlarımızın bütövlüyü uğrunda qurban verməyə hazır olan vətən oğullarından biri olur. Bəli, zaman keçəcək, dövr yeniləşəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar və qürur hissi ilə çəkiləcək Ramil Rəhimovun atdığı addımlara tarix bir daha öz qiymətini verəcək. Çünki, o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucalan Vətən oğullarındandır. Elə bir zirvəyə ki, həmin zirvə ucadır, ucadan da ucadır, sanki əlçatmazdır!
Haqqında bəhs etdiyimiz Qəhrəmanımız - Rəhimov Ramil Sücəddin oğlu 01 yanvar 1992-ci ildə Abşeron rayonun Ceyranbatan qəsəbəsində anadan olmuşdur. O, 1998-ci ildə Ceyranbatan qəsəbəsindəki 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olur və 2007-ci ildə isə, orta ixtisas təhsilini Bakı Dövlət Sosial-İqtisad kollecində davam etdirir. 2011-ci ildə bu Kollecdə təhsilini uğula başa vuran Ramil Rəhimov, çox keçmir ki, könüllü həqiqi-hərbi xidmətə yola düşür. Hərbi xidmətini Fizuli rayonu ərazisindəki “N” saylı hərbi hissədə başa vurur və bir müddətdən sonra o, müəyyən sahələrdə əmək fəaliyyəti ilə məşğul olmağa başlayır. Ramil Rəhimovun doğma Vətəninə, onun hər qarış torpağına olan sevgisi, məhz onu 2018-ci ildən Dövlət Sərhəd Xidmətində gizir vəzifəsində çalışmağa sövq edir. Taleyi elə gətirir ki, o, 2022-ci ilin oktyabr ayından öz istəyi ilə Daxili Qoşunların sülhməramlı qüvvələrinin tərkibində gizir vəzifəsində çalışır. Ramil Rəhimov 04 sentyabr 2023-cu ildə Ağdama gedir və evdən çıxan zaman o, bir neçə günlüyə Qusar rayonuna ezam olunduğunu da bildirir. Az sonra o, ev ilə əlaqə saxlayır və işlərinin yaxşı olduğunu dilə gətirir. Elə ki, 19 sentyabr 2023-cu ildə erməni quldurlarına qarşı antiteror əməliyyatı həyata keçirilir və hərbi əməliyyatlar 20 sentyabrda səhər saatlarında başa çatır, o halda Ramil Rəhimov ev ilə əlaqə saxlayır və “Biz uğur əldə etdik, işğalçılar təslim oldular” deyr. O, başqa tanışlarına isə “Biz tarix yazdıq” deyir. Döyüş yoldaşları Ramil Rəhimovun ailəsini ziyarət edən zaman onun igidliyindən, döyüş əməliyyatlarının getdiyi vaxtlarda əhvali-ruhiyyəsinin hər zaman yüksək olmasından, bir sözlə yenilməzliyindən, cəsurluğundan danışırlar. Ramil Rəhimov hərbi əməliyyatların davam etdiyi vaxtlarda qolundan yaralansa da, o, heç də geri çəkilmir. Bu şəxsin tabeliyində olan əsgərlərdən biri döyüş əməliyatları zamanı ayagından yaralanır və əsgər önə getmək istədikdə Ramil Rəhimov ona “Sən mənim nəzərimdəsən” deyir. Deyilənlərə görə, bu şəxsin də olduğu bölük ən qısa zaman kəsiyində rekord vurur və 17 dəqiqə ərzində erməni postunun alındığını məruzə edən ilk bölük olur. Elə ki, antiteror əməliyyatı başa çatır və həmin gün saat təxminən 16-17 radələrində Ramil Rəhimov döyüş yoldaşları ilə birlikdə şəhid əsgərini neytral zonadan çıxarmaq istəyir. Qəflətən mənfur düşmən onu snayperlə vurur və Ramil Rəhimov aldığı güllə yarasından dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır.Faktdır ki, bu şəxsin döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıqları saymaqla qurtarmaq olmur. Çünki o, əsl qəhrəman olmaqla bərabər, həm də peşəkar döyüşçü idi. Qeyd edək ki, Ramil Rəhimov vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olduqdan sonra, onun təhsil aldığı məktəbdə adına sinif açılır, bir çox televiziya kanallarında, ayrı-ayrı xəbər portallarında və s. verlişlər verilir, Qəhrəmanımızın keçdiyi döyüş yollarından bəhs edən məqalələr yayımlanır. Bu da onu göstərir ki, şəhid Ramil Rəhimov heç də sıradan bir həbçi olmayıb. Çünki, o, gizirlik kursunun uğurla başa vurur və öz istəyi ilə Sərhəd Qoşunlarının Astara rayonu ərazisində yerləşən hərbi hissəsində gizir vəzifəsində çalışır.Onu da bildirək ki, şəhid Ramil Rəhimov 2019-cu ildə ailə həyatı qurur və onun 2020-ci ildə Dəniz adında bir qız övladı dünyaya gəlir. 01 yanvar 2024-ci ildə isə, hansı ki, atasının doğum günündə Yagmur adında başqa bir qızı dünyaya göz açır. Qeyd edək ki, atası Yagmurun adını dünyaya gəlməzdən əvvəl qoyur. Ailəsi Ramil Rəhimovu dünyanın ən yaxşı ailə başçısı hesab edirdi. Ramil Rəhimovun ailəsinin bu gün də ən böyük arzusu odur ki, Dəniz və Yagmur öz uğurları ilə atalarının ruhunu şad etsinlər. Bəli, bu gün də atalarının qürurlu adı ilə fəxr edən Dəniz və Yagmur “Ata, sən hər zaman bizim fəxrimizsən” deyirlər. Onu da qeyd edək ki, Ramil Rəhimov könüllü hərbi xidmətdə olur və o, doğma xalqına bağlılığını, Vətənə olan sevgisini ən yüksək formada nümayiş etdirir. Bəli, o, torpaq uğurunda, Vətəni uğurunda şəhid oldu və adını yaxın tariximizin qəhrəmanlıq səlnaməsinə birdəfəlik həkk etdirdi. Odur ki, biz də öz adımızdan belə bir Qəhrəmanı, belə bir igid oğlu tərbiyə edən, böyüdüb boya-başa çatdıran valideyinlər qarşısında baş əyirik, onlara o böyük Yaradandan səbr diləyirik.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Rəhimov ölümündən sonra, “Vətən uğrunda” medalı ilə və lll – dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə sağlamlıq nəsib etsin!
Qarabağ Azərbaycandır!