top of page

Seyidov Əli
Rahim oğlu
11.07.1999 – 10.10.2020

Foto

Həyat hekayəsi

11.07.1999 tarixində Bakıda anadan olub. 2005 ildə 1-ci sinifə Rixard Zorge adına 90 saylı orta məktəbə gedib. Əli kinq boks və ağır atletika üzrə yarışlarda birincilikdə olub. 15 qızıl, 6 gümüş, 3 bürünc medalları var. Bundan əlavə, Əli parkur və kapoera ilə də məşğul olur. Orta məktəbdə oxuyarkən Əli çox fərqli şagird olub. Salamlı-kəlamlı, böyük-kiçik yeri bilən, xeyirxah və xeyriyyəçi olub, çox savadlı, tərbiyəli məktəb adından olan bütün yarışmalarda fəal iştirak edir, məktəbin çəkici qüvvəsi olur, yaşlılara kömək edirdi, zəifləri qoruyardı. Özü və qardaşları anası tərəfindən əzabla böyüdüyü üçün atasız uşaqlara qayğı göstərirdi. Hələ 6-cı sinifdə oxuyurdu. Tarix dərsində müəllimin Qarabağ sülh yolu ilə alınacaq ifadəsinə müdaxilə edir və "Qarabağ sülh yolu ilə deyil, müharibə yolu ilə alınacaq və mən şəxsən döyüşüb şəhid olacam" deyir.
Vaxt zaman keçir, Əli 2016-da 90 saylı məktəbin məzunu olur. Əlinin ən böyük arzusu hərbçi olmaqdır. Gecə-gündüz hazırlaşır, hərbi akademiyaya imtahan verir və yüksək balla qəbul olur. Lakin sənədlər qəbulunda Əlidən asılı olmayan səbəblərə görə 2 bal kəsiri yazıb qəbul etmirlər. Amma Əli təslim olmur, başqa ali məktəbə qəbul olma şansı olsa da, Əli imtina edir. 04.01.2017-də hərbi xidmətə yola düşür, Goranboy Ballı Qayada hərbi xidmətə başlayır. 2018-də hərbi xidmətini bitirib gəlir və yenidən qayıdır. Anası çox cəhd edir ki, fikrindən daşınsın, amma Əli "mən hamıya sübut edəcəm ki, mən layiqli hərbçiyəm" deyir və təlimlər zamanı təlimlərdən gözəl nəticələrlə yüksək nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamələr və bayraqla təltif edilir. Hər kəs tərəfindən "Seyid" ləqəbi ilə tanınan, sevilən Əli XTQ-nin kəşfiyyat bölüyünə seçilir, gözəl nəticələrlə fərqlənir. XTQ-nin "Yırtıcı" ləqəbli kəşfiyyatçısı Əli Seyidov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə əsl vətənini sevən hərbçi kimi qəhrəmancasına döyüşür. Komandiri dedi ki, yaralananda yenə də qabağa gedirdi, hamıya səslənirdi "sonuna kimi vuruşmalıyıq, Vətən adlı xəstəliyim var, Allah şəfa verməsin" şüarı ilə addımlayan Əli şəhidlik uca zirvəsidir, ən gözəli də Mubariz şəhid olan yerdə Mubariz kimi şəhid olmaqdır.
Üç qardaşın ən kiçiyi, evin sonbeşiyi olan Əli Vətən uğrunda gedən döyüşlərə qatlanda 21 yaşı var idi. 21 erməni postunu məhv edən Seyid Əli 04.10.2020 tarixində Tərtər Suqovuşan döyüşlərində ağır yaralanır. Döyüş yoldaşlarının narahatlığını görür, gülərək onlara səslənir "nolub, qan görməmisiniz?" əli ilə əla işarəsini göstərib "hər şey əladır" deyir. Uşaqlar "suuu" deyir, amma su yox idi. Asta səslə "can anam" deyir, gözləri səmaya dikilərək üzü gülür, son nəfəsində kəlmeyi-şəhadətini deyir. Məhz Mubariz postunu alarkən şəhid olur. XTQ-nin "Yırtıcı" ləqəbli kəşfiyyatçısı Əli Seyidov 10.10.2020 tarixində Bakıda Bülbülə xiyabanında dəfn olunur. Tabutunu açdıranda üzü gülürdü deyir Lalə ana, son dəfə uzun kiprikli gözlərindən öpdüm şəhid balamın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevun müvafig sərəncamlarına əsasən Seyidov Əli “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə və “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Şəhadətin mübarək, cənnətdəki mövludun mübarək baş tacım, and yerim, fəxrimsən, qürurumsan, dastana dönən qanı ilə tarix yazan cəsur döyüşçü Seyid Əli. Azərbaycanı bütövləşdirən Azərbaycanın fəxrisi, qəhrəman şəhid.

bottom of page