Həyat hekayəsi
Əliyev Firuz Qaraş oğlu Milli Ordu sıralarında xidmətə çağrılanda cəmi 19 yaşı var idi. Firuz 1974-cü il mart ayının 8-də Mingəçevir şəhərində doğulub boya-başa çatmışdır. Ailənin dördüncü övladı idi. O, Mingəçevir şəhər 16 saylı orta məktəbi və S.Vurğun adına musiqi məktəbini bitirmişdir. Qarmonçu olmaq istəyirdi.
Dost-tanışları arasında musiqi həvəskarı kimi tanınmışdı. Çoxlu fəxri fərmanları, diplomları, tərifnamələri var. Tez-tez toy şənliklərində, məktəb və məktəblərarası, şəhər və şəhərlərarası yarışmalarda, tədbirlərdə iştirak edirdi. Qarmonunu sehrli barmaqları ilə elə hərəkətə gətirirdi ki, onu dinləyənlər bu ecazkar səsdən zövq alırdılar.
Dəfələrlə oxuduğu 16 saylı məktəbin adını yüksəklərə qaldırmışdı.
Firuz bununla yanaşı istehsalatda işləməyə də can atırdı. O, 1991-ci il sentyabrın 27-də Mingəçevir şəhərində Toxuculuq Kombinatında müdiriyyətin əmri ilə energetika şöbəsində elektrik montyoru işinə qəbul olundu. Hərbi xidmətə gedənə kimi bu kombinatda çalışdı.
1992-ci il iyunun 5-də Firuz Milli Ordu sıralarında hərbi xidmətə çağrıldı.
O, hərbi xidmətə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda başlamış, daha sonra 1993-cü ildə Ağdam və Fizuli rayonlarında davam etdirmişdir. Firuz Milli Ordumuzun Xüsusi Təyinatlı bölməsində kəşfiyyatçı kimi xidmət edərək, döyüş bölgələrində kəşfiyyat əməliyyatlarının keçirilməsində fəal iştirak edirdi.
1993-cü ilin avqust ayında Fizuli rayonunun Əhmədbəyli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Firuz və 6 əsgər yoldaşı düşmənlə üz-üzə gəlir və döyüşə girirlər. Təəssüf ki, döyüşdə Firuzun əsgər yoldaşları şəhid olurlar və Firuz tək qalaraq düşmənin 5 tankını məhv edir, sonra isə şəhid olmuş yoldaşlarını döyüş yerindən uzaqlaşdıraraq xəndəyə yığır. Daha sonra yenidən döyüşə qatılır, əl qumbarası ilə tankı vurmaq istəyəndə qumbara partlamır, bunu görən düşmən tankdan atəş açaraq Firuzu vurur və tankı yaralı Firuzun üstündən sürür.
Firuz 1993-cü il avqust ayının 28-də Mingəçevirdə “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Allah rəhmət eləsin!