top of page

İbişov Nicat
Vasif oğlu
27.08.2000 – 11.10.2020

Foto

Həyat hekayəsi

İbişov Nicat Vasif oğlu 2000-ci il 27 avqustda Mingəçevir şəhərində anadan olmuşdur. Nicat çox vətənpərvər şəxs idi. O, uşaqlıqdan məktəbdə bir çox “Şahinlər”, “Cəsurlar” yarışlarında iştirak edərək birincilik qazanmışdı. Nicat ürəyi təmiz, uşağa uşaq, böyüklə böyük, xoş xasiyyətli, gülər üzlü şəxs idi. O, heç kimi incitməyən, qəlbini qırmayan, üzr istəməyi bacaran biri olub. Nicat ailəsini çox sevirdi, anası Samirəyə, bacısı Ləmanə çox bağlı idi. Nicat atası ilə dost idi, o hər bir problemini atasıyla bölüşər, atasıyla dərdləşərdi.
O, 2006-cı ildə Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəbə qəbul olaraq 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Bakı Sülhməramlı Qüvvələrinə əsgərliyə yollanmışdı. Əsgərliyi mərdcəsinə başa vuran Nicat təxminən il 2020-ci ilin aprel ayında doğma evinə geri dönmüşdü. O, 2020-ci ilin sentyabrında səfərbərliklə yenidən hərbiyə çağırıldı. O, sentyabrın 21-də təlimə yollandı. Nicat səfərbərlik başladığında "mən də gedəcəm" deyərək igidlik göstərirdi. Çağırış zamanı Nicat sevinərək hətta bizim həyətimizdə rəqs edərək "mən də gedirəm Vətəni qorumağa" deyirdi, çox sevinirdi gedəcəyi ilə getdi... Bizlə çox-çox əlaqə saxlayırdı və hər şey yaxşıdı, narahat olmayın deyirdi. Oktyabrın 8-də zəng edərək "biz irəli gedirik, ola bilsin zəng çatmadı, məndən narahat olmayın, mən bir şey olsa arxamca çox ağlamayın" deyərək irəliyə getdi və zənglərin sayı azaldı.
Nicat oktyabrın 11-də Suqovşan Ağdərə istiqamətlərində gedən döyüşlərdə mərdcəsinə, igidliklə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İbişov Nicat Vasif oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nicat gəzməyi, rəqs etməyi çox sevirdi. Hətta onun sevdiyi bir qız vardı, ona şeirlər belə yazmışdı. Nicatın bir çox dostları vardı, o bütün Mingəçevirdə, hətta QRES-də ətrafında olan insanların hörmətini qazanmışdır.
Şəhid İbişov Nicatın sevdiyi qıza yazdığı şeir:
Sevginin ən gözəl nəğməsi sənsən,
Ömrümün saflığı, paklığı sənsən.
Allahın ən gözəl nəğməsi sənsən,
Qəlbimin aşiği, sahibi sənsən.
Sevgilim, sevirəm, unutma bunu,
Qəlbimin döyünmə səbəbi sənsən.
Ümid, arzularım, diləyim mənim,
Bu dünyada yaşama səbəbim sənsən...

bottom of page