Həyat hekayəsi
Mehdi Zaman oğlu Fərzullazadə 27 iyul 1995-ci ildə Bakının Bülbülə kəndində anadan olub. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil alıb. Məktəb illərində idman yarışlarında, əsasən futbolda qazandığı uğurlara görə aldığı xeyli sayda fəxri fərmanla təltif edilib. 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Şəmkir korpusu) sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu, Murov yüksəkliyini qoruyan igidlərimizdən biri olub. "Döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə" komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib.
Əsgərlikdən qayıdıb mülki həyatın sərbəstliyini dadmadan, o dəqiqə özünə iş axtarmağa başlayıb Mehdi. Avtoservisdə usta köməkçisi kimi işə düzəlib. Tezliklə işinin sirlərinə yiyələnib. Usta kimi tanınmağa başlayıb. 2020-ci ilin iyulunda Tovuzda düşmən təxribatı nəticəsində bir neçə əsgər və zabitimizin, xüsusilə general-mayor Polad Həşimovun şəhadət xəbəri ona da ağır təsir edib. Mehdi düşmənlə düyüşmək üçün könüllü olaraq ordu sıralarına yazılıb.
Mehdi sentyabrın 21-də Suraxanı hərbi komissarlığı tərəfindən döyüş təlimlərinə çağırılıb və Vətən müharibəsinin başladığı ilk gündən hücum əməliyyatlarına qatılıb. Mehdi Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində şərəfli döyüş yolu keçib, 41 gün ərzində mənfur düşməni "iti qovan kimi" torpaqlarımızdan qovan cəsur döyüşçülərimizdən biri oldu. Mehdi Fərzullazadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən minomyot mərmisinin qəlpəsilə yaralanıb qəhrəmanlıqla şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", medalları ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.