Həyat hekayəsi
Osman Natiq oğlu Manafov 24 oktyabr 1991-ci ildə Suraxanıda doğulub. XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub; məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub. Ailənin ikinci övladı olub Osman. Səbrliliyi, təmkinli olması ilə ailədə seçilib yaxınlarının sevimlisi olub.Ciddi xasiyyətli, ağır təbiətli, ailəyə sədaqəti ilə digər iki qardaşından seçilən Osman sevgisinə də sadiq olub. 7 il sevdiyi xanımla ailə qurub, Lakin bu evlilik cəmi üç il çəkib.Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlara çıxıb, fəxri yerlər tutub. Ali təhsilini Gürcüstanda alan Osman, 2014-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. Gənc Osman 2016-cı ilin aprel döyüşlərində iştirak edib.Osman Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən könüllü olaraq yenidən döyüşlərə atılıb. O, öz canını torpaqlarımızın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Qarabağda dalğalanması üçün, əcdadımızın ruhunun şad olması üçün qurban edib.Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhid Osmanın.
Osman hərbi xidmətdə daim fəal olub, komandirlərin, rəislərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. O, şəhadət şərbətini Qubadlı uğrunda gedən döyüşlərdə içib.Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə “Məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun” deyib...
Osman 27 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Bakının Bül-Bülə qəbirstanlığında torpağa tapşırılıb.
Şəhidimizin bir oğul balası yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.