top of page

Cəlilov Devid
Rauf oğlu
29.02.2004 – 20.09.2023

Foto

Həyat hekayəsi

Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda canından keçən mərd oğullardan biri də Cəlilov Devid Rauf oğludur. Devid, 2004 ci il fevral ayının 29 -da Xaçmaz rayonu Xudat şəhərində, dunyaya goz açmışdır. Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub. Devid ailənin son beşiyi idi.
Cəlilov Devid 2010-2021-ci illərdə Kərim Məhərrəmov adına Xudat şəhəri 3 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaqlıqdan, orta məktəb illərindən idmanın bir çox növlərinə və musiqiyə böyük maraq və həvəsi olub. Bir çox nailiyyətləri olmuş, birinciliyi qazanmış, medallarla təltif olunmuşdur.
Nümunəvi oxumağına, davranışına görə şəkli şərəf lovhəsinə vurulmuşdur. Gülərüzlüyü, səmimi davranışlari ilə müəllim və şagirdlər arasında hörmət qazanmışdır. Yeddi il musiqi məktəbində fortepiano ixtisasi üzrə təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Orta məktəb illərindən hərbi müəllimi şagirdlər arasında atıcı yarışlar keçirən zaman Devid sərrast atıcı olduğu üçün birinciliyə layiq görülürdü hər səfər.
Vətən müharibəsi zamanı 16 yaşlı Devid könüllü olaraq hərbi komissarlığına müraciət etsə də, yaşı çatmadığı üçün gözləmək tövsiyə olunub. Devidin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. Ona görə də Vətən torpaqlarının işğaldan azad olunması üçün həmişə hazır idi. Çünki Devid, ailəsi tərəfdən vətənpərvər ruhda böyümüşdü.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddətdən sonra, 2022-ci il aprelin 1 hərbi xidmətə çağırılıb və komando kəşfiyyat bölüyündə tuşlayıcı vəzifəsində xidmət keçib. Devid, Gəncə şəhərində N saylı hərbi hissədə 3 ay təlimlərdə iştirak etmiş, iyun ayının 24 isə Goranboy rayonunda ki, N saylı hərbi hissədə müddətli xidmətə başlamışdır. Çox keçmir nümunəvi xidməti, hərbi təlimlər zamanı döyüş igidliyi, ən əsası torpağına bağlılığı onu əsgərlərin, komandirlərin sevimlisinə çevirir. Təlimlər çox çətin olsada, Devid həmişə xüsusi əzmkarlıqla daim irəlidə olardı.
Qisas əməliyyatı zamanı, 2022-ci ilin sentyabr ayının 12-dən 14-nə keçən gecə Kəlbəcər Cermuk istiqamətində qanlı döyüşlərdə, düşmənin hücumunun qarşısının alınmasında ilk dəfə iştirak etdi və qəhrəmanlığını məhz həmin gün göstərdi. Yaralı əsgərləri, döyüş yoldaşını neytraldan çıxarıb təxliyyə etməsində köməklik göstərmişdir. Çox vətənpərvər ruhlu idi Devid. Könüllü olaraq, Şəmkirdə 2 ay snayper kursuna yazıldı və sərrast snayperçiyə çevrildi. Məzuniyyətə gələn zaman anasına demişdi ki: Ana, döyüş olarsa əyər "Sağ qalsam qəhrəman, ölsəm şəhid olacam".
Aylarla keçirilən təlimlər öz nəticəsini göstərirdi. Devid artıq sıravi əsgər kimi deyil, sərrast atan cəsur döyüşçü kimi yetişmişdir. Özünə verilən 7.62 mm lik PKM (pulemyot kalaşnikov) silahını hər gün temizləyir, onu nə vaxt döyüşdə, düşmənə qarşı işlədəcəyi günü səbirsizliklə, əzmlə gözləyirdi.
Təxrisinə 3 ay qalmış, bir gün evə zəng edib hərbi hissədə müddətsiz xidmət etmək istədiyini soylədi. Lakin Devidin uşaqlıqdan bir arzusu var idi. Daxili işlər orqanlarında işləmək, polis olmaq və düşmənlərə qarşı mübarizə aparmaq. Devidin, polis olmaq arzusu ürəyində qaldı. Polis kimi düşmənlərə qarşı mübarizə apara bilməsədə, əsgər kimi düşməni məhv etməyi bacardı.
19 sentyabr 2023 ildə, Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Devid də hərbiçi və əsgər yoldaşları ilə döyüşə qatıldı. Qarşıda ki, yüksəkliklər yaxşı silahlandırılmış düşmən separatçı qüvvələrinin əlində idi. Yüksəkliklər nəyin bahasına olursa olsun alınmalıydı. Qızğın döyüşlər zamanı əsgər kimi yox, peşəkar döyüşçü kimi döyüşüb, eyni zamanda yaralı olmasına baxmayaraq döyüş meydanından neçə-neçə yaralı əsgərləri təxliyyə etməsində köməklik göstərmişdir və dahada irəliyə can atmışdır. Devid arxada gizlənən əsgərlərdən olmayıb, komandirləri ilə döyüşə atılan canavar kimi oğullardan idi.
Devidin gözü qarşısında özü olduğu kəşfiyyatçı dəstədə ki, hərbiçi və əsgərlərin şəhid olması, yaralanması, onda düşməndən qisas almaq hissini dahada alovlandırdı. Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, yoldaşlarını, komandir heyətini qoyub geriyə təxliyyə olunmasına qəti etiraz etmiş və "Torpaq bizimdir,biz alacağıq, ancaq irəli" demişdir.
19- dan 20- sinə keçən gecəni gözünü qırpmadan aldığı postu qoruyub və düşmənə verməyib. 20 sentyabr, Papravənd Agdərə istiqamətində düşmən mövqeyini ələ keçirərkən, düşmənin atdığı mərmilərdən bir neçəsi Devidin yaxınlığına düşür və hərbi xidmətini başa vurmağa 10 gün qalmış şəhidlik zirvəsinə yüksəlir. Şəhadətə ucalarkən üzündə məsum bir təbbəsüm olub. Ömrünün 19-cu payızında, qısa və şərəfli həyatını, Vətəninə qurban verdi.
Heç kəs anadan qəhrəman doğulmur. Onu göz açdığı mühit, yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr formalaşdırır. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir. Əsl vətənpərvər o kəslərə demək olar ki, onlar vətəni bütün qəlbi,canı və qanı ilə sevir. Onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə canını belə qurban verməyə hazırdır. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır.
VƏTƏNİ HƏR KƏS SEVƏ BİLƏR, LAKİN VƏTƏN UĞRUNDA HƏR KƏS CANINI FƏDA ETMƏZ.
Allah böyük Qələbə sevincini bizə yaşadan bütün şəhidlərimizin ruhunu şad etsin! Dövlətimiz Vətən müharibəsi qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə, rəşadətinə görə layiqincə qiymətləndirmiş, onları yüksək orden və medallarla təltif etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidliyə görə Cəlilov Devid, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidlikdən sonra "3-cü dərəcəli Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalı il təltif olunub.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması 2023-cü ilin ən möhtəşəm Zəfər səhifəsidir. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq! QARABAĞ AZƏRBAYCANDIR!

bottom of page