top of page

Əhmədov Mübariz
Əlizadə oğlu
01.01.1963 – 24.09.1992

Foto

Həyat hekayəsi

Əhmədov Mübariz Əlizadə oğlu 1 yanvar 1963-cü ildə Sabirabad rayonun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə beynəlxalq məktəbə getmişdir. 1977-ci ildə 8-ci sinifi bitirib, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin iqlim şəraitinə uyğunlaşa bilmir və geri dönüb təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olur. 3-cü kursda ordu sıralarına çağırılır. Orduda kəşfiyyatçı-radist peşəsinə yiyələnir. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir.
1989-cu il... Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayır. Mübariz özünümüdafiə batalyonuna könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonunda ilk Yaqub Rzayevin dəstəsinə qoşulur. Sonradan isə 845 saylı hərbi hissənin batalyon komandiri Allahverdi Bağırov onu öz batalyonuna dəvət edir və Rota komandiri təyin edir. Döyüşlər: Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal-Gülablı, Katik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlər. O, mərdliklə vuruşurdu, öz rəşadəti ilə ad-san qazanmışdır.
Onun qəhrəmanlığını görən türk generalı 1991-ci ildə Müdafiə Nazirliyi ilə məsləhətləşib onu Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Bütün sənədlər hazırlandı, lakin çətin döyüşlər getdiyindən şəhidlərimiz çox olduğu bir zamanda Mübariz Türkiyəyə getməkdən imtina etdi. O, döyüşlərdə iştirak edib, şəhidlərimizin qisasını almağı üstün tutur...
Ağdam rayonunun Abdal-Gülablı kəndi... 1992-ci ilin 24 sentyabrı... Son döyüş... Həmin gün kənd işğalçılardan azad edilməli idi. Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qalibiyyət əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Və yaralı-yaralı öz rotasını mühasirədən çıxarmağı bacarır. Lakin özü şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Doğma kəndində dəfn edilib, Sabirabad rayonunda büstü qoyulub...

bottom of page