Həyat hekayəsi
Əlibəyli Şəxriyar Ramiz oğlu 25 oktyabr 1994-cü ildə Qəbələ rayon Vəndam kəndində dünyaya göz açmışdır. 2001-ci ildə Vəndam 1 nömrəli pilot məktəbində 1-ci sinfə qədəm qoymuş Şəhriyar Əlibəyli 2004-cü ilə qədər həmin məktəbdə təhsil almış, daha sonra, ailəsi ilə birgə Bakı şəhərinə köçdüyü üçün, təhsilini Badamdar qəsəbəsində 236 saylı tam orta məktəbdə davam etdirmişdir. 2010-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Şəhriyar Əlibəyli 2018-ci ildən Qazax rayonunda "N" saylı hərbi hissədə rabitəçi kimi fəaliyyət göstərmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı könüllu olaraq Xüsusi Təyinatlı Qüvvələr qrupuna qoşularaq Şuşa, Xocavənd, Laçın, Kəlbəcər uğrunda döyüşlərdə ön cəbhədə iştirak etmişdir. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Əlibəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində zabit olaraq iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əlibəyli "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əlibəyli "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Şəhriyar Əlibəyli baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun 22 aprel 2022-ci il tarixli əmri ilə Şəhriyar Əlibəyli “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Şəhriyar Əlibəyli Vətən müharibəsində iştirak etdikdən sonra rəhbərlik tərəfindən bir sıra medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.
5 mart 2023-cü ildə səhər saatlarında həmişəki kimi qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərmişdir. Azərbaycan Ordusu tərəfindən qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri saxlanılaraq yoxlanılıb. Həmin yoxlama zamanı qarşı tərəf atəş açıb. Şəhriyar Əlibəyli insident zamanı yüksək döyüş nümunəsi göstərərək erməni hərbiçilərini məhv edib və qəhrəmancasına şəhid olub. Şəhriyar Əlibəylinin nəşi yaşadığı evə gətirilmiş və 6 mart 2023-cü ildə II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Mərasimdə hərbçinin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Şəhriyar Əlibəyli “Vətən uğrunda” medalı ilə təltif edilib.