Həyat hekayəsi
Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kimi traktor işlədib.
Vüsal Abdullayev 2003-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib.
Vətən müharibəsi başlayanda könüllü olaraq SHXÇDX-nin Beyləqan rayon şöbəsinə gedərək cəbhəyə yola düşüb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igidliklə vuruşub.
Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Son döyüşü Qubadlı uğrunda olub.
Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu Beyləqan rayonu Sarısu kəndinə gətirilib və Beyləqandakı Şəhidlər Xiyabanında dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Vüsal Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdi.