Həyat hekayəsi
Şəhid Nəsirov Elçin Ramiz oğlu 13 yanvar 1988-ci ildə Füzuli rayonunun Əhmədağlılar kəndində anadan olub. 1993-cü ildə məlum I Qarabağ müharibəsi ilə əlaqədar olaraq məcburi köçkün kimi İmişli rayonunda məskunlaşıb. 1994-cü ildən İmişli rayonunda fəaliyyət göstərən 2 saylı tam orta məktəbində 1-ci sinifə getmişdir. 2006-cı ildə Füzuli rayon Əhmədağlılar kənd Baxşalı Əliyev adına tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə işləyən Elçin Nəsirovun ürəyində vətənə olan sevgisi, onun hərbçi olmaq istəyi, arzusu 2016-cı ildə onu könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa sövq etdi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə, ürəklə döyüşən Elçin Nəsirov 24 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində xüsusi şücaətlik göstərmiş və Füzuli rayon Qorqan kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Doğulduğu Əhmədağlılar kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Şəhid Elçin Nəsirovun bacısı Zülfiyyə xanım deyir ki, Elçin çox mehriban gülərüzlü, şirin zarafatları ilə könlümüzü oxşayan qayğıkeş bir qardaş idi. O, həmyaşıdları, dostları arasında xüsusi yeri olan, təmkininə görə ürəyaçıqlığına görə seçilən, sevilən bir insan idi.
Elçin hərbidə kəşfiyyatçı snayper vəzifəsində fəaliyyət göstərirdi. Döyüş yoldaşları onun haqqında çox dəqiq tuşlayıcı olduğunu, nişan aldığı hədəfin boşa çıxmadığını, çox məsuliyyətli, cəsarətli bir hərbçi olduğunu bildirərək, onun öz həyatını təhlükə altına ataraq özündən əvvəlki postda döyüşən hərbçilər üçün sürünərək yemək-su təminatı çatdırdığını, çox cəsarətli və işinin sirlərini bilən peşəkar bir hərbçi olduğunu deyirdilər.
Elçin evə anamı, atamı görmək üçün gəlmişdi, üzündən yorğunluq, gözlərində bir durğunluq vardı sanki. Anam ona "oğul, paltarını dəyiş, onları yuyum, təmiz geyin, get" dedi. O isə "Ana, paltarımı elə ehtiyatla gey ki, o paltarda nə qədər şəhid qanı var, bilmirəm. Bəlkə mənim də qanım o qanlara qarışdı, onda üzülməzsən, ana, oğlunla fəxr edərsən." Süfrə arxasında əyləşib yemək yeyərkən yenə də "bəlkə sonuncu dəfə otururam sizinlə bir süfrədə," - bütün cümlələri "bəlkə, bəlkə" deyə qururdu. Evdən çıxanda ata-anası ilə sağollaşıb, bir daha geri dönərək "üzünüzə bir də baxım, bəlkə sizi yenidən görmərəm," - deyərək vidalaşıb getdi. Elə həmin günün səhəri axşam radələrində Elçinin şəhidlik məqamına ucalmasını bizə bildirdilər. Elçinin ölümü hamımız üçün çox ağrılıdır. Atam, Nəsirov Ramiz Elyaz oğlu, qardaşımın həsrətinə tab gətirmədi və 10 yanvar 2021-ci ildə öz balasına qovuşdu.Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Elçin Nəsirov ölümündən sonra"Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.