top of page

Qurbanov Murad
Asif oğlu
23.03.1996 – 13.10.2020

Foto

Həyat hekayəsi

Qurbanov Murad Asif oğlu 23 mart 1996-cı ildə Səlyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci  sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Murad həm orta məktəbdə, həm də kollecdə müəllimlərin sevimlisi olub. Özünə məxsus xarakter onu sinifin, qrupun sevimlisi edib.
Murad kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu Qaradağlı kəndində edib. Muradın xidməti aprel döyüşlərinə təsadüf edib. Murad aprel döyüşlərində iştirak edib. Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.
Top kamandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və 3 canlı qüvvəsini məhv edib. Murad anasının səfərbərlik işçisi olmasına baxmayaraq xidmətdən yayınmayıb. 2017-ci ildə xidmətini başa vurub və işləyəyərək ailəsinə kömək edib.2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla Nəzrinlə nişanlanıb. 2020-ci ildə sentyabr ayında ali baş komandanın qismən səfərbərlik elan etdiyi gündən, Murad könüllü olaraq səfərbərliyə yazıldığı üçün anasında onun nə vaxt gedəcəyini soruşub.
2020 ci il sentyabr ayının 29-da anasının, bacısının, nişanlısının təkidinə baxmayaraq döyüşə yollanıb. Murad evin tək oğlu olub. Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına döyüb. Döyüş yoldaşlarını 2 dəfə yaxın kəndlərdən ərzaq gətirməklə aclıqdan qurtarıb. Muradın yaralı olan döyüş yoldaşı Hüseyn onun haqqında Muradın qorxmazlığından, ürəkli olmağından ağız dolusu danışır.
Murad Hadrut döyüşlərində mərdlik göstərərək qəhrəmancasına şəhid olub. Muradına çatmayan Muradın cənazəsi böyük izdiham içində Badamdar qəsəbəsində təzə salınan  şəhidlər xiyabanında dəfn edilib. İgidimiz arxasında gözü yaşlı ana, bacı və yar qoyub. Muradın otağı, nişan üzüyü boş qalıb. Murad qəlblərdə şəkillərdə qalıb. Murad və onun kimi igid şəhidlərimiz öz qanları ilə alınımıza vurulan 30 illik qara ləkəni silib, tariximizi yeniləyiblər. Ürəyi bala dərdiylə yanan Mehriban xanım oğlu haqqında deyir:
“Mənim oğlum Vətən borcunu verdi amma mənə olan borcunu isə unutdu. Unutdu ki, anasını son mənzilə o yola salmalıdı, cənazəsini o daşımalıdı. Murad bu borcu yadlara tapşırıb məni oğulsuz qoydu. İndi hər gecə şəhid balalarıma lay lay çalıb ağlayıram.”
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, ”Xocavəndin azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

bottom of page