Həyat hekayəsi
Şəhid Taleh Qənbərli 17.10.1994-cü ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. 2001-ci ildə Şəhid Əhmədağa Babayev adına Quşencə kənd məktəbinin birinci sinfində oxuyub. Taleh məktəb tədbirlərində fəal iştirak edib. 2011-ci ildə məktəbi bitirdikdən sonra Taleh hərbi xidmətə yollanır. Hərbi xidmətini N saylı hərbi hissədə davam etdirir. Taleh öz tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə komandiri tərəfindən mükafat alır. Hərbi xidmətini başa vurduqdan sonra Taleh öz kəndinə qayıdır. Bir neçə müddət Taleh valideynlərinə kənddə kömək edir. Daha sonra Qusar rayonuna yollanır və orada işləyir.
2020-ci il 27 sentyabrda Böyük Vətən müharibəsi başladığı zaman Taleh könüllü olaraq gecəykən Qusar rayonundan İsmayıllıya qayıdır. 28 sentyabrda könüllü olaraq döyüşlərə qatılır. Taleh Qənbərli Füzulinin, Xocavəndin və Qarabağın ürəyi olan Şuşada döyüşür. 6 noyabrda Şuşa şəhərində şəhid olur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunması uğrunda" və "Şuşanın azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.