Həyat hekayəsi
Həsən Əkbərov 20 sentyabr 1997-ci ildə Yevlax rayonunun Yədilli kəndində Raqub Əkbərovun ailəsində anadan olmuşdur. Ata tərəfdən Ağdam rayonundan, ana tərəfdən Kəlbəcər rayonundan idi. Ağdam rayonu 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Əkbərovlar ailəsi Yevlax rayonunda məskunlaşmışdır. Atası Raqub Əkbərov Həsən uşaq olan zaman vəfat etmişdir. Dayısı Quliyev Pənah Qəmbər oğlu 1993-cü ildə Kəlbəcər istiqamətində Şəhid olmuşdur. Həsənin bir bacısı və bir qardaşı var, anası Əkbərova Sənübər evdar qadındır. Həsən 2003-2014-cü illərdə orta təhsil almışdır. Evli idi. 1 övladı var idi.
Həsən Əkbərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 9 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şəhər şöbəsində qeydiyyatdan keçərək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Həsən Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlər gedişatında Tərtər rayonunun Dəstəgül, Tərtər rayonunun Talış kəndində və digər ərazilərin istiqamətində gedən döyüşlərdə fərqlənmişdir. Həsən Əkbərov 30 sentyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Həsən Əkbərov ölümündən sonra
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.