top of page

Həmidli Mikayıl
Vüqar oğlu
28.12.1998 - 19.09.2023

Foto

Həyat hekayəsi

Həmidli Mikayıl Vüqar oğlu 28.12.1998-ci ildə Masallının Ərkivan kəndində anadan olub. Anası Həmidova Lalə ibtidai sinif müəlliməsi, atası Həmidov Vüqar isə ev ustasıdır. Uşaqlıqdan çox sakit biri olub. Evin tək oğludur və özündən 4 yaş kiçik bacısı var. 2003-cü ilin noyabr ayında ailəsiylə birlikdə Rusiyanın Verxnaya Pışma şəhərində yaşayıblar və 2005-ci ilin 1 sentyabrından məktəbə başlayıb. Həmin məktəbdə üzgüçülüklə və sambo ilə məşğul olub. Məktəbdə dərslərində çox aktiv biri idi və riyaziyyatı yaxşı bilirdi. 2006-cı ildə ailəsiylə birlikdə vətənə qayıdır və həmin ili 83 saylı liseydə məktəbə başlayır. Həmin il Rastrakovç adına musiqi məktəbində skripka üzrə təhsil alıb. 2010-cu ildə 248 saylı məktəbin 5-ci sinifinə getməyə başlayır. Məktəbdə dərslərdə aktiv iştirak edib. Məktəblərarası yarışlara qatılıb. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirdi. Ali məktəbə daxil ola bilmədi. 2017-ci ilin may ayında Muay-Thai üzrə Bakı birincisi oldu. 2017-ci ilin oktyabr ayında Masallının hərbi komissarlığından hərbi xidmətə çağrılır. O zamandan bəri Goranboy rayonu Ballı qaya kəndində işləməyə başlayır. Əsgərlikdə öz biliyi və vətənə, hərbiyə olan sevgisi ilə həmişə seçilib. 2018-ci ilin avqust ayından vətənə xidmət etmək üçün müddətdən artıq hərbi xidmətə gedir. 2020-ci ilin sentyabrın 26-da gizir olur. Sevincini ailəsi ilə bölüşür. Sevinci yerə-göyə sığmırdı, çünki vətəninə xidmət edəcəkdi. 29 sentyabrdan 44 günlük müharibədə iştirak edib. Müharibə zamanı öz əsgərlərini çox qoruyub. Əsgərləri danışır ki, bizə tapşırmışdı ki, heç biriniz məndən əvvəl şəhid olmamalısınız. Məndən əvvəl şəhid olan özündən küssün. Mən şəhid olsam, arxaya çəkilin. Heç biriniz şəhid olmamalısınız. Oktyabrın 9-da birinci zədəsini alıb. Mingəçevir xəstəxanasında olub. Sağalması tam bitməmiş yenə də döyüşə qayıdıb. Öz otaq yoldaşına telefonunu verib və dostu ailəsinə onun adıyla danışıb. 44 günlük müharibədə onun adı "Dəmir Adam" idi, çünki yanında 5-dən artıq mina partlayıb. Amma bunlara baxmayaraq yenə də geri dönməyib və irəli gedib. Suqovuşan, Talışkənd, Ağdərə, Füzuli istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak edib. Və onun üçün ən çətin döyüşlər bunlar olub, çünki özünün qardaş dediyi dostlarının çoxunu orada itirib. 25 dekabr 2020-ci ildə öz sevdiyi və həm də sinif yoldaşı olduğu xanımla nişanlanıb. Fərrux dağı əməliyyatı 24-28 may 2022 Cermux əməliyyatı Kəlbəcər əməliyyatlarında yaxından iştirak edib. Və bu döyüşlərdə olarkən belə valideynlərinə deməyib. Çünki onların narahat olmasını istəməyib. Çox hadisələri danışmazdı. 3 fevral 2023-cü ildə Kiçik Leytenant rütbəsini alıb. 22 martda ailə həyatı qurdu. O an hamı sevinirdi, amma onun gözlərinin içi qəm ilə dolu idi. Çünki həmin vaxtlar antiterror əməliyyatı olacağını bilirdi. Sanki şəhid olacağını hiss edirdi. Öz övladının adını özü qoydu. 19.09.2023 tarixində antiterror əməliyyatında Ağdərənin Papravənd kəndi istiqamətində şəhid olub. Yaralı olmasına baxmayaraq yenə də irəli gedib. “İrəli canavarlar” deyərək o torpaqları qanı bahasına aldı. Düşünmədi onu gözləyən yoldaşı, ailəsi və ən əsası özünü belə görməyəcəyi körpəsi var. Bu torpaq üçün öz canından keçdi.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Mikayıl Həmidli ölümündən sonra “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, lll - dərəcəli “Xərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları və  lll - dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

bottom of page